Bakıda “Hüquq, sağlamlıq və cəmiyyət: məsuliyyət və innovasiya” mövzusunda XVII Azərbaycan–Türkiyə–Almaniya Tibb Hüququ Simpoziumu keçirilib.
Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə və Almaniyadan olan mütəxəssislər tibb hüququnun aktual məsələlərini, səhiyyə sahəsində hüquqi tənzimləmə mexanizmlərini və müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı hüquqi çağırışları müzakirə ediblər.
INJURIA Hüquq Platformasının rəhbəri Kəmalə Məmmədova açılış nitqində ölkəmizdə keçirilən bu kimi beynəlxalq tədbirlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra Prof. Dr. Henning Rosenau “Reproduktiv hüquqlar, bioetika və transplantasiya” və “Müasir orqan transplantasiyası” mövzularında çıxış edib.
Simpoziumda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova “Orqan donorluğu və transplantasiyası: hüquqi tənzimləmə və gələcək inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Mərkəz sədri çıxışında Azərbaycanda transplantasiyanın tarixi inkişafı, sahənin hüquqi tənzimlənməsi, Koordinasiya Mərkəzinin fəaliyyəti və gələcək inkişaf istiqamətləri barədə məlumat verib.
Yeganə Abbasova bildirib ki, Nazirlər Kabinetinin 6 avqust 2022-ci il tarixli, 288 nömrəli Qərarı ilə yaradılan Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ölkədə transplantasiya proseslərini vahid sistem əsasında əlaqələndirir. Mərkəzin əsas fəaliyyət istiqamətlərinə donor və resipiyentlərin qeydiyyatı, donor orqanların bölüşdürülməsi, transplantasiya əməliyyatlarının koordinasiyası, məlumatların məxfiliyinin qorunması və tibb müəssisələri ilə əməkdaşlıq daxildir.
Sədr orqan donorluğu və transplantasiyası sahəsinin hüquqi bazasının müvafiq qanunlar və normativ-hüquqi aktlarla tənzimləndiyini vurğulayıb. Qeyd edib ki, bu sənədlər transplantasiya proseslərinin qanunvericiliyin tələblərinə uyğun, sistemli və şəffaf şəkildə həyata keçirilməsini təmin edir.
Yeganə Abbasova beynəlxalq əməkdaşlıq məsələlərinə toxunaraq TÜRKTRANSPLANT regional əməkdaşlıq layihəsi barədə məlumat verib. Layihənin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında orqan donorluğu və transplantasiyası sahəsində məlumat mübadiləsini, əməkdaşlığı və donor orqanlarından səmərəli istifadəni təşviq etdiyini bildirib.
Yeganə Abbasova, həmçinin sahənin gələcək inkişaf prioritetlərini diqqətə çatdırıb. İnkişaf prioritetləri sırasında beyin ölümünün diaqnostikası üzrə təlimlərin təşkili, tibb mütəxəssislərinin peşəkar hazırlığının gücləndirilməsi, institusional əməkdaşlığın genişləndirilməsi və orqan donorluğu ilə bağlı ictimai maarifləndirmənin artırılması qeyd olunub.
Simpozium çərçivəsində bioetika, reproduktiv hüquqlar, biotexnologiyalar, süni intellektin tibbdə tətbiqi, tibbi sığorta, məlumatlandırılmış razılıq, tibbi mübahisələrin həlli və həkimlərin hüquqi məsuliyyəti mövzularında məruzələr təqdim olunub. Məruzəçilər arasında Prof. Dr. Sevtap Metin, Prof. Dr. h.c. Yener Ünver və vəkil Esmira Rzayeva da yer alıblar.
Ümumilikdə, beynəlxalq tədbir tibb hüququ sahəsində elmi və praktiki təcrübə mübadiləsinin aparılması, hüquqi yanaşmaların müzakirəsi və ölkələrarası peşəkar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma olub.